Ana səhifə
Cari vergi ödəmələrinin hesablanması haqqında

Cari vergi ödəmələrinin hesablanması haqqında

Arayış Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən tərtib və təqdim edilir. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödədikləri üçün onlar tərəfindən dövlət vergi orqanlarına Arayış təqdim edilmir. Vergi ödəyicisi Arayışda cari vergi ödəmələrinin məbləğini bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirir. Vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin iki mümkün metodundan birini seçməyi haqqında məlumatı hər il aprel ayının 15-dək vergi orqanına verməlidir.

Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün Vergi Məcəlləsinin 151.2-ci maddəsində nəzərdə tutulan metodu seçdiyi halda, mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə Arayışı (cari və ya dəqiqləşdirilmiş) hər rüb başa çatdıqdan sonra 15 gün ərzində vergi orqanına təqdim etməlidir. Arayış təqdim edilmədiyi halda vergi orqanı Vergi Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulan metodu tətbiq edir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir. Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

Əvvəllər fəaliyyəti olmayan vergi ödəyiciləri rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə Arayışı vergi orqanına təqdim etməlidirlər. Cari vergi ödəmələri Vergi Məcəllənin 151.5.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün əvvəllər fəaliyyəti olmayan vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə Vergi Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur.

Cari vergi ödəmələri vergi ili üçün əvvəllər fəaliyyəti olmayan vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

Arayış tərtib edilərkən Arayışın əvvəlində göstərilən “Qeyd”dəki “verilmiş formanın tərtib edilməsi qaydalarını oxuyun” və “+, /, %, Z simvollarından istifadə etməyin, böyük çap hərflərlə qara və ya göy diyircəkli qələmlə doldurun” tövsiyyələrə ciddi əməl olunmalıdır. Arayış tərtib edilərkən qaralamalara və düzəlişlərə yol verilmir. Arayış tərtib edilərkən hər xanada bir rəqəm göstərilməlidir.