Ana səhifə
VALİDEYNLİK HÜQUQUNDAN MƏHRUM ETMƏ

VALİDEYNLİK HÜQUQUNDAN MƏHRUM ETMƏ

Valideynlik hüququndan məhrum etmə nədir?

Uşaqların – valideyn qayğısından yararlanmaq hüququ olduğu kimi, onların təlim-tərbiyəsi ilə maraqlanmaq, şəxsiyyət olaraq formalaşmasını və inkişaf etməsini təmin etmək kimi valideynlərin vəzifəsi vardır. Bu vəzifənin yerinə yetirilməsini valideynlər istər birgə yaşadıqları halda, istər ayrı yaşadıqları halda təmin etməlidirlər.

 

Valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Çünki övladın kamil şəxsiyyət kimi formalaşmasına, fiziki cəhətdən sağlam – mənəvi inkişafına görə valideynlər məsuliyyət daşıyırlar.

 

Valideynlər öz valideynlik vəzifələrini yerinə yetirmədikdə, valideynlik hüququndan sui-istifadə etdikdə və bunlar uşağın şəxsiyyəti kimi formalaşmasına mənfi təsir etdikdə, həmin ”valideynlər” –  valideynlik hüquqlarından məhrum edilə bilərlər. "Valideynlik hüquqlarından məhrumetmə" həm anaya, həm də ataya aid edilir. Bu zaman məhkəmə ana və ataya nisbətdə ayrı-seçkiliyə yol vermir.

 

Adından da göründüyü kimi Dövlət bu hüquqları valideynlərdən alır, yəni onları bu hüquqlardan məhrum edir.

 

Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər.

 

Hansı hallarda valideynlik hüququndan məhrum edilir?

1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;

2. alimenti qəsdən ödəmədikdə;

3. heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;

4. valideynlik hüquqlarından sui-istifadə etdikdə;

5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;

6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə;

7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə

Valideynlər, yaxud da onlardan biri valideynlik hüququndan məhrum edilirlər.

 

Kimlər bu məsələ illə bağlı müraciət edə bilər?

Valideynlərdən birinin və ya onları əvəz edən şəxslərin  ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən məhkəmə “valideynlik hüquqlarından məhrumetmə” işlərinə baxır.

 

Proses necə gedir?

Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir.

 

Bunun üçün yuxarıda sadaladıqlarım “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə” məhkəməyə müraciət edərək Mülki İddia qaldırır.

 

Ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə baxılır və həmin işin həllinə dair qətnamə çıxarılır.

 

Valideynin “valideynlik hüququndan məhrum edilməsini” xahiş (tələb) edən, məhrum etməyə əsas olan halları sübut etməlidir. Çünki sübutunuz olmazsa, məhkəmə sizin xeyrinizə qərar çıxarmaz və həmin şəxsi valideynlik hüququndan məhrum etməz.

 

Qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq bu qətnamədən çıxarış məhkəmə tərəfindən müvafiq icra hakimiyyəti orqanına göndərilir.

 

Qətnamə qüvvəyə mindiyi gündən “valideyn” öz valideynlik hüquqlarından məhrum edilmiş sayılır.

 

Məhrumetmə işinə baxılarkən məhkəmə uşağa aliment tutulması məsələsini də həll edir.


Bilməli olduğunuz digər nüanslar:

Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər. Bu o deməkdir ki, valideynlər bu hüquqdan məhrumetməyə əsaslanıb uşaqlarına aliment ödəməkdən imtina edə bilməzlər.

 

Valideynlik hüquqlarından məhrum edildikdə Uşaqlar vərəsəlik hüququndan, əmlak hüququndan məhrum edilmirlər. Bu o deməkdir ki, valideyn hüququnu itirir, amma uşaq öz hüquqlarını itirmir. Yəni uşaq vərəsə ola bilər, aliment ala bilər, həmin valideynə məxsus evdə yaşaya bilər, istifadə edə bilər və s.

 

Valideynlərin hər ikisi valideynlik hüquqlarından məhrum edildikdə, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilə bilər. Qəyyumluq və Himayəçilik Komissiyaları, Uşaq evləri, internat məktəbləri və s.

 

Uşaq, valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa götürülə bilər.

 

Valideynlər – məhrum edilmiş hüquqlarını bərpa edə bilərlər. Uşaq 10 yaşına çatmışsa, ancaq onun razılığı ilə valideynlik hüquqları bərpa edilə bilər. Uşaq övladlığa götürülmüşsə, valideynlik hüquqları bərpa edilə bilməz.

 

Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynin hərəkətlərində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verir və həmin şəxs barəsində cinayət işi açılır, şəxs cinayət məsuliyyətinə cəlb edilir.

 

İstinad:

Azərbaycan Respublikası Ailə Məcəlləsi, Maddə 64-67,

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, Maddə 172.